Türkiyənin İstanbul şəhərində BMT-nin 5-ci Qlobal İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Milli Qiymətləndirmə Potensialına dair konfrans (NEC) keçirilib. Tədbirdə Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və Planlaşdırma meneceri Vüsalə Cəfərova təmsil edib.
Konfransda milli qiymətləndirmə sistemlərinin qurulması və potensiallarının gücləndirilməsi üzrə məlumat mübadiləsi, öyrənilmiş dərslər, qazanılmış təcrübələr, qarşıda duran çətinliklər mövzusunda fikir mübadiləsi aparılıb.
Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji təhlil və Planlaşdırma meneceri Vüsalə Cəfərova 400 –dən artıq nümayəndənin iştirak etdiyi konfransda çıxış edərkən Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Strateji Yol Xəritəsinin əhəmiyyətində danışıb. O bilidirib ki, bir neçə sahəni əhatə edən yol xəritələri Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək, region ölkələri ilə əməkdaşlığı gücləndirmək və ümumilikdə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün olduqca məqsədəuyğun və əhəmiyyətli xarakter daşıyacaq.
Qeyd edək ki, bu konfrans davamlı olaraq keçiriləcək. Çünki, BMT-nin İnkişaf Proqramının qənaətinə görə, Milli Qiymətləndirmə Potensialının inkişafı ölkə səviyyəsində davam etdirilməlidir.