26-27 oktyabr 2017-ci il tarixlərində Tallində (Estoniya) “Rəqəmsal iqtisadiyyat: sərhədsiz şəffaf biznes üçün innovativ platforma” adlı Şərq tərəfdaşlığı ölkələrinin 4-cü biznes-forumu keçirilib.
Forumda “Elektron idarə etmə və rəqəmsal iqtisadiyyat – biznesin və iqtisadi mühitin dəyişilməsi” 1-ci plenar sessiyada Azərbaycan Respublikasının nailiyyətləri “B.EST Solutions” Azərbaycan şirkətinin və Mobil ID layihəsi Konsorsiumunun rəhbəri xanım Yana Krimpe tərəfindən təqdim edilib. O, auditoriyanı Azərbaycanın innovasiyası sayılan “Asan İmza” mobil elektron imza və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının tətbiqi və işlənilməsi nəticələri ilə və ASAN Xidmət innovativ dövlət agentliyi ilə tanış edib.
Azərbaycan innovasiyasının təqdimatı forum iştirakçılarının və moderatorların, həmçinin Avropa İnnovasiyalar Akademiyasının xüsusi marağına və geniş müzakirəsinə səbəb olub.
Biznes-forum çərçivəsində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Şərq Tərəfdaşlığının Estoniya Mərkəzi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Estoniyanın Sahibkarlığın İnkişafına Dəstək Fondu (EAS) ilə görüş baş tutub. Burada Estoniyanın e-Residency layihəsi ilə Azərbaycanın m-Residency layihəsi arasında qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Forumda dəfələrlə qeyd edilib ki, Azərbaycan dünyanın ən müvəffəqiyyətli startaplarından sayılan Estoniyanın e-Residency layihəsi nümunəsində m-Residency layihəsinin tətbiqini rəsmi olaraq elan edən ilk ölkə olub.
Qeyd edək ki, 4-cü Şərq tərəfdaşlığı biznes-forumu cari ilin noyabr ayının 24-də Brüsseldə illik “Şərq tərəfdaşlığı” Sammitinin keçiriləcəyini də nəzərdə tutub.