İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev bu səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və müzakirələr aparıldığını qeyd edib.Səfər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə start verildiyini deyən dövlət başçısı həmin sazişin Aİ və Azərbaycan əməkdaşlığının daha da inkişaf etdirilməsində mühüm addım olduğunu vurğulayıb. Tərəflər arasında sazişlə bağlı ümumi anlaşmanın mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev işlərin yekunlaşmasının danışıqlar prosesinin gedişindən asılı olacağını deyib. Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdir yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı əməkdaşlığın əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini, Avropa İttifaqının bir sıra ölkələri ilə sazişlər və memorandumlar imzalanması təcrübəsinin olduğunu qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təmas xəttində vəziyyət, münaqişənin həlli ilə bağlı gedən danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır