BBN.az “Vergilər Qəzeti”nə istanədən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsində ölkənin ilk milli naviqasiya sistemi olan “AzNav”ın təqdimatı keçirilib. Tədbirdə naviqasiya sisteminin canlı rejimdə fəaliyyəti nümayiş etdirilib. Sistem əhalinin, dövlət və özəl qurumların, turistlərin , fiziki və hüquqi şəxslərin eləcədə ünvan axtarışında maraqlı olan digər şəxslərin istifadəsinə verilib.
Qeyd edək ki, GPS naviqasiya sistemi “AzNav” Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) məlumatları əsasında hazırlanıb. Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir.
Sistem Android, İOS (Apple), Windows CE əməliyyat sistemlərində olan bütün növ mobil cihazlarda və eyni zamanda telefon və planşetlərdə çalışır. Digər özəlliyi bundan ibarətdir ki, “AzNav” Azərbaycan dili ilə yanaşı rus, ingilis, ərəb, alman,ispan, fransız, italyan , gürcü və türk dillərini də dəstəkləyir və sadalanan dillərdə interfeysə malikdir.
Proqramda sürətə nəzarət sistemi, marşrutun hesablanması üçün rejimin seçilməsi imkanları mövcuddur. Xəritənin 3 ölçülü (3D) gecə və gündüz rejimdə əks olunması binaların və istinadların da 3D göstərilməsini (seçimə görə) mümkün edir. Eyni zamanda, proqramda odometr fünksiyasıda aktivdir.