Yapı Kredi Bank Azərbaycan ilk rübü mənfəətlə başa vurub.
BBN.az xəbər verir ki, Yapı Kredi Bank Azərbaycan 2018-ci ilin ilk rübünün nəticələrini ictimaiyyətə elan edib.Belə ki, bank ötən rüblərdə olduğu kimi, bu rübü də mənfəətlə bitirib. Bankın ilk rübdə əldə etdiyi mənfəət məbləği 660 min AZN olarkən, məcmu kapitalını 64.5 milyon manata çatdırıb.
Müqayisə olaraq qeyd etsək, məcmuu kapitalın məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur və məcmu kapitalın 60 milyon manatı birinci dərəcəli kapitalın payına düşür. Kapitalın adekvatlıq əmsalında da irəliləmə müşahidə edilir. 2017-ci ilin ilk rübü ilə müqayisədə, 2018 ilin ilk rübündə kapitalın adekvatlıq əmsalı 53% daha da möhkəmlənərək 24.5%-ə çatıb.
Yapı Kredi Bank Azərbaycanın depozit portfelində artım müşahidə edilir. Bu barədə şərh edən bankın İdarə Heyətinin Sədri cənab Cenk Yüksel: “Yapı Kredi Bank Azərbaycana etibar edənlərin sayı gündən günə artmaqdadır. Ötən ilin ilk üç ayı ilə müqayisədə, bu ilin ilk üç ayında depozit portfelimiz 4.9%, o cümlədən fiziki şəxslərin tələbli depozitləri 19.6%, hüquqi şəxslərin tələbli depozitləri 4.2% artıb. Bu artış bizə qürur verməklə yanaşı, eyni zamanda məsuliyyət də verir. Təsadüfi deyil ki, müştərilərimizin bizə olan etibarının nəticəsi olaraq, bankımız İngiltərənin nüfuzlu Global Banking and Finance Review təşkilatı tərəfindən “Ən Etibarlı Bank Azərbaycan 2018” mükafatı qazanıb. Fürsətdən istifadə edib, bütün müştərilərimizə bizi seçdikləri üçün təşəkkürümü bildirirəm.”
Bankın hesabatlarında eyni zamanda likvid aktivlərdə də artım müşahidə edilib. Ötən ilin birinci rübü ilə müqayisədə bankın likvid akitvləri 2.9% artıb. Digər bir maraqlı məqam isə, bankın maliyyə institutlarına borcunun olmamasıdır. Belə ki, Yapı Kredi Bank Azərbaycan QSC Azərbaycan Mərkəzi Bankından əldə etdiyi kreditləri və digər yerli və beynəlxalq maliyyə qurumlarından əldə etdiyi kreditləri tamamilə bağlayıb.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.