İndiyədək Quba-Xaçmaz iqtisadi rayonuna 184,2 milyon manat güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən növbəti işgüzar forum fevralın 23-də Xaçmaz rayonunun Xudat şəhərində keçirilib. 90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq, istixana təsərrüfatlarının, quru meyvə, şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 184,2 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 365 min manat güzəştli kredit verilib.

Forum çərçivəsində Xaçmazda güzəştli kredit ayrılmış “Yalama Aqropark”ın faəliyyətinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır