“Departamentin Xidmətin təşkili idarəsi tərəfindən aparılan təhlil zamanı 2017-ci ilin 9 ayı ərzində xidmət mərkəzlərində qəbul edilmiş vergi ödəyicilərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8%, göstərilmiş xidmətlərin sayının isə 5,5% artmasına baxmayaraq, son iki ayda (avqust, sentyabr) bu dinamikada azalma müşahidə olunub”.
Bu sözləri Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin Xidmətin təşkili idarəsinin direktoru, baş vergi xidməti müşaviri Azər Şirinov öz müsahibəsində qeyd edib.
“Bunun səbəbləri araşdırılarkən belə qənaət yaranmışdır ki, buna daha çox Vergilər Nazirliyi tərəfindən davamlı şəkildə elektron xidmətlərin təşviqi, yeni elektron xidmətlərin təqdim edilməsi, vergi ödəyiciləri ilə fiziki təmasın məhdudlaşdırılması və daha çox elektron yazışmalara üstünlük verilməsi, elektron sənəd mübadiləsinə qoşulanların, o cümlədən gücləndirilmiş elektron imza (ASAN imza) alanların sayının artması (cari ilin 9 ayı ərzində verilmiş ASAN imza sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 110.651 olub. 2013-cü ildən indiyədək 366.187 ASAN imza sertifikatı verilib. Bu ilin ilk 9 ayı ərzində dövlət qeydiyyatına alınmış 8352 hüquqi şəxsin 5785-i və ya 69,3% -i, eləcə də 943 fiziki şəxs elektron formada vergi uçotuna alınıb), departamentimizin elektron xidmətlərin tətbiqi ilə əlaqədar maarifləndirmə və təbliğat işlərini genişləndirməsi, ayrı-ayrı xidmətlər üzrə videotəlimatlar hazırlayaraq nazirliyin rəsmi internet saytında, KİV-lərdə, sosial şəbəkələrdə yayması, xidmət mərkəzlərinə müraciət edən vergi ödəyicilərinə elektron xidmətlərdən sərbəst istifadə barədə təlimatlandırması və onları özünəxidmətə cəlb etməsi kimi amillər təsir edir” deyə bildirib.
Qeyd edək ki, müsahibənin tam versiyası keçiddə yerləşdirilib.