İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib

Sentyabrın 11-də Dövlət Gömrük Komitəsində informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib.

BBN.az xəbər verir ki, ölkəmizin ixrac potensialının artması sahəsində informasiya texnologiyalarının payının az olduğunu bildirən Komitə Səfər Mehdiyev sədri qeyd edib ki, görüşün əsas məqsədi də sahibkarların bu sahədəki problemlərini, təklif və rəylərini öyrənərək vəziyyətdən çıxış yollarını müzakirə etməkdir.

Səfər Mehdiyev gələn il Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərdən qaynaqlandığını bildirib və görüş iştirakçılarını bu mühüm tədbirdə fəal iştirak etməyə çağırıb.

Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının prezidenti Nuran Kərimov Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu və Palata üzvlərinin bu konfransda fəal şəkildə iştirak edəcəyinə əminliyini ifadə edib.

Palatanın icraçı direktoru Natəvan Məmmədova isə gömrük sistemində aparılan islahatları diqqətlə izlədiyini, bu islahatların artıq müsbət nəticələr verdiyini bildirib. İcraçı direktor bu islahatlar fonunda gömrük xidmətinə qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını, subyektiv xarakter daşıdığını vurğulayıb.

Gömrük xidməti ilə Azərbaycanda Amerika Ticarət Palatası arasında işgüzar əlaqələrə görə təşəkkürünü bildirən Natəvan Məmmədova gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Daha sonra görüşdə iştirak edən biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının Kommunikasiya, Tədbirlər və Texnoloji İnnovasiyalar İdarəsinin baş meneceri Lyudovik Tanay gələn il ÜGT tərəfindən Bakıda keçiriləcək İnformasiya Texnologiyaları Konfransı və Sərgisi ilə bağlı təqdimatla çıxış edib, görüş iştirakçılarına tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır