İnnovasiya müsabiqəsi Komissiyasının iclası keçirilib

İqtisadiyyat Nazirliyində İnnovasiya Müsabiqəsi Komissiyasının ilk iclası keçirilib.

Tədbirdə Komissiyaya üzv olan aidiyyəti qurumların – Təhsil, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, “ASAN Xidmət”in və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Komissiyanın sədri, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova dünyada baş verən müasir inkişaf meyilləri, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyaların mühüm əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri də innovasiyaların təşviqidir.

İclasda Komissiya üzvü olan dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələrinin təklifləri dinlənilib, müzakirələr aparılıb, qiymətləndirmə və müsabiqə sahələri təsdiq edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır