İnnovasiya Müsabiqəsinin nəticələri açıqlanıb

Dekabrın 21-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə keçirilən Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədi ilə təşkil olunan İnnovasiya Müsabiqəsi ölkəmizdə innovasiya sahəsində bu formatda keçirilən ilk tədbirdir. Müsabiqəyə İqtisadiyyat Nazirliyi və “ASAN xidmət”in “İdeya Bankı” vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-ə yaxın layihə təqdim olunub.

 

İnnovasiya Müsabiqəsi çərçivəsində görülən işlərə, müsabiqənin məqsəd və əhəmiyyətinə dair video çarx nümayiş olunub, qalib elan edilən innovativ layihələrin, habelə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində mükafata layiq görülən yağışdan elektrik enerjisi əldə edən “Rainergy” layihəsinin müəllifi Reyhan Camalova və Zəhra Qasımovanın birgə təqdimatı keçirilib. Təqdimatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda İnnovasiya Müsabiqəsində qalib elan edilən ilk üç layihənin, eləcə də böyük marağa səbəb olan və həvəsləndirici mükafata layiq görülən layihələrin müəlliflərinə diplomlar və mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır