İnnovativ sənayenin inkişafına həsr olunmuş Konfrans keçirilib

Fevralın 15-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın innovativ sənaye trendləri: mövcud potensialı, inkişafı və perspektivləri” mövzusunda Konfrans keçirilib.

BBN.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının nümayəndələri və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində müəyyən edilmiş hədəflər üzrə 2017-ci ildə görülmüş işlər və bu il həyata keçiriləcək tədbirlərdən danışıb, sənayedə yerli istehsalın dəstəklənməsi məqsədilə yerli xammaldan səmərəli istifadənin əhəmiyyətini qeyd edib, innovasiya əsaslı sənayenin inkişafında elmi tədqiqat institutlarının və universitetlərin rolunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən AMEA-nın Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun direktoru Bəxtiyar Məmmədov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxışlarında elmtutumlu və innovasiyalara əsaslanan istehsalın genişləndirilməsinin, bilik iqtisadiyyatının yaradılmasının, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanmasının Azərbaycan sənayesinin əsas inkişaf istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə görülən işlərin daha effektiv olması üçün elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır