Vətəndaş məmnuniyyəti və rahatlığını daim ön planda saxlayan Əmlak Məsələləri Dövlət Komitəsi keçirdiyi sosialyönümlü tədbirlərin əhatə dairəsini genişləndirir. Komitənin qeydiyyat xidmətlərini birbaşa ünvanlarda əhaliyə çatdıran, onların vaxt itkisi olmadan çıxarış əldə etməsinə imkan yaradan “Kütləvi çıxarış” kampaniyası intensiv xarakter alır. Daha bir rayonun sakinləri çıxarışlarını yaşadıqları məkandaca əldə ediblər.
Budəfəki kampaniya aprelin 5-də Şamaxı rayonunun Mirzə Ələkbər Sabir qəsəbəsində keçirilib. Həmin qəsəbədən olan 200-ə yaxın sakinə qeydiyyatla bağlı xidmət göstərilib. Onlardan 100-ə yaxın sakinə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışların əksəriyyəti pay torpaqlarına, o cümlədən fərdi yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə aid olub. Kampaniya ilə qeydiyyat xidmətləri ahıl və fiziki məhdudiyyətli sakinlərin birbaşa evlərində göstərilib. Bu dövlət tərəfindən hər bir vətəndaşa göstərilən sosial dəstəyin və qayğının nümunəsidir.
Həmin gün 50-ə yaxın vətəndaşdan çıxarışla əvəz olunması üçün ilkin sənədlər də toplanıb. Vətəndaşlar çıxarış almaqla yanaşı, komitənin hüquqi yardım xidmətlərindən də yararlanıblar. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımı sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan kəndlilərin suallarını komitə əməkdaşları cavablandırıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.
Qeyd edilməlidir ki, komitə tərəfindən paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin, “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.