Quba-Xaçmaz rayonunda sahibkarlara 190.3 mln. manat güzəştli kredit verilib.Belə ki, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum mayın 3-də Xaçmaz rayonunda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində keçirilib.BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik və cins heyvandarlıq təsərrüfatlarının, çörək, quru meyvə, alma konsentratı istehsalı, süd emalı müəssisələrinin, logistik mərkəz və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2580 investisiya layihəsinin maliyyələşdirilməsinə 190,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan aqroparkların, logistika mərkəzlərinin, taxıl anbarlarının, üzümçülük, intensiv bağçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, quru meyvə, tara, tikinti materialları, mebel istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 11800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.Qeyd edək ki, işgüzar forum çərçivəsində isə Xaçmaz və ətraf rayonlardan olan 23 sahibkara 1,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, quşçuluq, un məmulatları, mebel istehsalı, logistik mərkəzin tikintisi və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 120-dən çox yeni iş yerinin açılması mümkün olacaq.