İqtisadi aktivlikdə pozitiv dinamika 2018-ci ildə də davam edib.
BBN.az xəbər verir ki, 2018-ci ilin yanvar-may aylarında iqtisadi artım 1.1% olub, o cümlədən qeyri-neft sektorunda 1.9%-lik iqtisadi artım baş verib. İqtisadi artım qeyri-neft sənayesində 8.1%, kənd təsərrüfatında 8.6% təşkil edib.
Xarici tələbin və dövlət investisiyalarının artması qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləyən başlıca amillərdir. İstehlakçı inamı göstəricilərinin yaxşılaşması, əhali gəlirlərinin yüksəlməsi və pərakəndə kreditləşmənin tədricən bərpası da iqtisadi aktivliyə artırıcı təsir edir. Mərkəzi Bank tərəfindən real sektorun monitorinqinin nəticələri də ötən illə müqayisədə iqtisadi aktivliyin artdığını təsdiq edir. Məcmu buraxılış kəsiri və iqtisadi artımın potensial səviyyəsi üzrə qiymətləndirmələr iqtisadi aktivlikdəki yüksəlişin hələ ki, inflyasiyanı yüksəltmədiyini göstərir.
Son proqnozlar 2018-ci ilin sonuna iqtisadi artımın davam edəcəyini göstərir. Orta və uzunmüddətli perspektivdə ölkədə iqtisadi artımın yüksələrək qlobal iqtisadi artım tempini üstələməsi makroiqtisadi sabitliyin qorunmasından və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatların sürətindən asılı olacaqdır.