İqtisadiyyat naziri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat Nazirliyində keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu, Yunanıstan Səfirliyinin Azərbaycanda açılan ilk səfirliklərdən olduğunu qeyd edib.

Vurğulanıb ki, Prezident İlham Əliyev Yunanıstanda 3 dəfə səfərdə olub, Yunanıstan rəsmiləri də ölkəmizdə səfərlərdə olublar və ölkələr arasında 25-ə yaxın sənəd imzalanıb.

BBN.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Yunanıstan arasında iqtisadi əlaqələrin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə toxunan Şahin Mustafayev ölkəmizdə 11 Yunanıstan şirkətinin qeydiyyata alındığını bildirib, enerji sahəsində uğurlu əməkdaşlığı vurğulayıb. Qeyd olunub ki, ölkələrimizin birgə əməkdaşlıq etdiyi TAP layihəsi uğurla davam etdirilir. Cənub Qaz Dəhlizinin artıq rəsmi açılışı həyata keçirilib, TANAP layihəsi isə yaxın günlərdə fəaliyyətə başlayacaq. İnvestisiya qoyuluşu və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev bu baxımdan işgüzar dairələr arasında əməkdaşlığın inkişafının, biznes forumların keçirilməsinin önəmini vurğulayıb. Bundan başqa, kənd təsərrüfatı, qida sənayesi, turizm, nəqliyyat sahələri, Azərbaycanda yaradılmış sənaye zonaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində yaradılan azad ticarət zonası da əməkdaşlıq üçün məqsədəuyğun sahələrdir.

Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndilməsi imkanlarını qeyd edib. Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu diqqətə çatdıran səfir Nikolaos Kanellos perspektivli sahələr üzrə araşdırmaların aparılmasının və bu istiqamətlərdə əməkdaşlığın inkişafının önəmini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır