İqtisadiyyat naziri ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayevin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşündə Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatlar, ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, ABŞ-a Azərbaycanın ixrac missiyasının təşkili və s. məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyini vurğulayan nazir Şahin Mustafayev Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradıldığını və ABŞ şirkətlərinin bu imkanlardan istifadə etməklə sənaye zonalarına, xüsusilə də Mingəçevir Sənaye Parkına investisiya yatıra biləcəyini diqqətə çatdırıb. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikirlərini bildirən Şahin Mustafayev bildirib ki, hazırda AmCham ilə Azərbaycanın ixrac missiyasının ABŞ-a səfərinin təşkilinə dair danışıqlar aparılır. ABŞ-ın kiçik və orta sahibkarlıq sahəsində böyük təcrübəsinin olduğunu qeyd edən İqtisadiyyat naziri bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini vurğulayıb, ABŞ-ın Bakı-Tbilisi-Qars layihəsinə marağını diqqətə çatdırıb. Azərbaycanda həyata keçirilən islahatlardan danışan Robert Sekuta vurğulayıb ki, iqtisadiyyatın diversifikasiyası və islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq reytinqini daha da yüksəldib, islahatlar korrupsiyaya qarşı mübarizə və biznes mühitinin yaxşılaşdırılmasında önəmlidir. ABŞ səfiri həmçinin, Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq, ABŞ-ın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələr barədə fikirlərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır