İqtisadiyyat naziri BƏƏ-nin səfiri ilə görüşüb

İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb.
Görüşdə Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinə, bu ilin aprel ayında Dubayda keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclasının protokolunda nəzərdə tutulmuş məsələlərin icrasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycan-BƏƏ Biznes Şurasının fəaliyyətinin, ticarət məlumatlarının mübadiləsi və ticarət əlaqələrinin, xüsusilə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, BƏƏ iş adamları tərəfindən ölkəmizdə yaradılan sənaye parkları və zonalarına investisiya qoyulması imkanları və  qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır