İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığının Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Onno Kerversi qəbul edib.
Azərbaycan-Niderland iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu vurğulayıb. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, quşçuluq, gülçülük və tərəvəzçiliyin inkişafında Niderlandın təcrübəsindən istifadə etmək olar. Bildirilib ki, Niderland şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına 330 mln. manat investisiya yatırılıb. Hazırda bu ölkənin şirkətləri Azərbaycanda dib dərinləşdirmə, göllərin bərpası, suyun təmizlənməsi və s. layihələrdə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün sənaye parklarında və zonalarında əlverişli şərait yaradılıb və Niderland şırkətləri bu inkanlardan yararlana bilərlər.
Niderland Krallığının Azərbaycandakı Səfiri Onno Kerversi ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək göstərəcəyini vurğulayıb. Səfir Onno Kervers Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə maraq göstərdiyini qeyd edib, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.