İqtisadiyyat naziri Şahin Mustafayev Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşüb.
Rene Van der Lindenin Azərbaycan-Niderland əlaqələrinin inkişafına töhfələr verdiyini vurğulayan İqtisadiyyat naziri Şahin Mustafayev ölkələr arasında dostluq və əməkdaşlıq əlaqələrindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif edildiyini xatırladıb. Azərbaycan-Niderland iqtisadi-ticarət əlaqələrinin genişləndiyini diqqətə çatdıran nazir Şahin Mustafayev qarşılıqlı səfərlərin mühüm əhəmiyyətini vurğulayıb.
Azərbaycanın artan tranzit imkanları, bu sahədə reallaşdırılan mühüm layihələr – Şimal-Cənub, Şərq-Qərb dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Dəniz Ticarət Limanı, beynəlxalq hava limanları tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır.
Azərbaycanda viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi ölkəyə gələn turistlərin sayını daha da artırıb. Təkcə ötən il Niderlanddan Azərbaycana gələn turistlərin sayı 2017-ci ilə nisbətən 26,6% artıb.
Şahin Mustafayev Azərbaycan-Niderland əlaqələr iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini qeyd edib, “ADA” Universiteti və Maastrixt İdarəetmə Məktəbi arasında səmərəli əməkdaşlığı vurğulayıb, Maastrixt Universitetində azərbaycanlı tələbələrin təhsil aldığını diqqətə çatdırıb.
İqtisadiyyat naziri Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Təhsili Mərkəzinə Niderlandın Maastrixt İdarəetmə Məktəbi də cəlb oluna, Niderland şirkətləri ölkədə yaradılan sənaye parklarında layihələrin icrasında iştirak edə bilərlər. Şahin Mustafayev ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi potensialını, bir sıra sahələrdə təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb, növbəti Azərbaycan-Niderland biznes-forumunun bu il Azərbaycanda keçirilməsini təklif edib.