İqtisadiyyat naziri Ucarda vətəndaşları qəbul edib

Yanvarın 26-da İqtisadiyyat naziri Şahin Mustafayev Ucarda Zərdab, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
BBN.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçı hüquqlarının müdafiəsi, istehsal və emal müəssisələrinin, turizm infrastrukturunun (mehmanxana) yaradılmasına dəstək göstərilməsi, yeni yaradılmış kredit ittifaqı ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun əməkdaşlığına, cəbhəyanı bölgədə heyvandarlığın inkişafı üçün əlavə torpaq sahəsinin ayrılmasına, kənd təsərrüfatı avadanlığının istehsalına, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

Qeyd edək ki, eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların heyvandarlıq, bağçılıq, istixana təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır