İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin ilk 6 ayının Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu, dinamik inkişaf templərinin qorunub saxlanıldığını vurğulayıb, görülən işləri müsbət qiymətləndirib. Belə ki, bu dövrdə ÜDM 1,3%, qeyri-neft sektoru 2%, qeyri-neft sənayesi 8,8%, kənd təsərrüfatı 7,6%, bitkiçilik 14%-dən çox, yükdaşımalar 1%, informasiya və rabitə xidmətləri 4,9%, pərakəndə ticarət dövriyyəsi 2,5% artıb.

2018-ci ilin birinci yarısında Azərbaycanın valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, ölkə iqtisadiyyatına 6 milyard manatdan çox sərmayə qoyulub, Dövlət İnvestisiya Proqramı 47% icra olunub, dövlət büdcəsinin gəlirləri 27%, xərcləri 16% artıb.

Bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3% artıb, inflyasiya 3% təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə xarici ticarət dövriyyəsi 35%, ixrac 34%, o cümlədən qeyri-neft ixracı 20% artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır.

İqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək.

Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır