İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşü keçirilib

Urmiya şəhərində İran və Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşü keçirilib.İyulun 3-də keçirilən İran-Azərbaycan gömrük xidməti nümayəndələrinin üçüncü müştərək görüşündə İran tərəfdən Qərbi və Şərqi Azərbaycan vilayətləri gömrüklərinin rəisləri, rəis müavinləri,  gömrük idarələrinin rəisləri, Urmiya Yol İdarəsinin tranzit məsələləri şöbəsinin müdiri və digər məsul şəxslər iştirak edib.

Azərbaycan nümayəndə heyətinin tərkibində isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov, gömrük idarələrinin rəisləri, Biləsuvar Gömrük İdarəsinin rəis müavini, “Naxçıvanterminalkompleks” Birliyinin rəisi və digər məsul əməkdaşlar yer alıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Məmmədov iki ölkə arasında ticarətin həcminin artırılması, beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçidməntəqəsinin, o cümlədən digər gömrük orqanlarının fəaliyyətinin arzuolunan səviyyəyə çatdırılması, tranzit imkanların maksimum dəyərləndirilməsi, avtonəqliyyat vasitələrinin keçidi zamanı yaranan problemlərin aradan qaldırılması, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da yüksəldilməsi naminə işlərin intensivləşdirilməsinin vacibliyini deyib.

Qeyd edək ki, gömrük xidməti nümayəndələrinin müştərək görüşlərinin ildə bir dəfə olmaqla davam etdirilməsi qərara alınıb və növbəti görüşün gələn ilin mayında Azərbaycanın Biləsuvar şəhərində keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır