İranlı investorlar Azərbaycana investisiya yatırmaqda maraqlıdır

Dekabrın sonunda İranda (Astara) Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək. Bu barədə İqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirələr aparılıb.

Belə ki, görüşdə həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərə və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə, birgə layihələrə və iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini vurğulayıb, Dövlət Komissiyanın növbəti iclasında müzakirə olunacaq məsələlərə dair fikirlərini bildirib. İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə “Xudafərin” və “Qız Qalası” Sazişi üzrə “Birgə Texniki Komissiya”nın ilk iclasının da dekabr ayında İranın Xudafərin şəhərində keçirilməsini təklif edib.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlrinə dair fikirlərini bölüşüb, iranlı investorların Azərbaycanda sənaye sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, Azərbaycan-İran Ticarət Palatasının yaradılmasını fikrini irəli sürüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır