“İş yerinə dair arayış” elekron xidmətinə 60 minə yaxın müraciət qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinə cari ilin may ayında 59,5 min müraciət qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayının 2,4 dəfə artdığını göstərir.

BBN.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, hazırda “Elektron hökumət” portalında müxtəlif qurumlar üzrə 18 növdə e-arayış xidməti təqdim olunur. Onlara edilən ümumi müraciətlərin təqribən yarıya qədəri “İş yerinə dair arayış” e-xidmətinə aiddir.

Adıçəkilən e-xidmətdən istifadə üçün “Elektron hökumət” portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından və ya “Elektron arayışlar” bölməsindən “İş yerinə dair arayış” xidməti və bundan sonra ekranda əks olunan müvafiq menyudan “Yeni arayış” menyusu seçilir. Sonrakı mərhələdə istifadəçi qüvvədə olan əmək müqaviləsi bildirişi (və ya bildirişlərindən biri) üzrə iş yerinə dair arayışını əldə edir.

Qeyd edək ki, “İş yerinə dair arayış” e-xidməti vətəndaşların müvafiq arayışı işəğötürənə müraciət etmədən real vaxt rejimində onlayn qaydada əldə etməsinə imkan verir. İndiyədək həmin e-xidmətə 1 milyon 73 min dəfə müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır