İ.İsayev: “Azərbaycan 188 ölkə arasında 78-ci yerdə qərarlaşıb”

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini İdris İsayev nazirlikdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə dəstək missiyası ilə görüşüb.

Missiyanın ölkəmizə səfərində məqsəd milli prioritetlərin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmasında və bu Məqsədlərin icrası üçün milli çərçivənin işlənməsində institisional dəstəyin göstərilməsidir.

İ.İsayev BMT-nin Dayanıqlı İnkişaf Proqramının əsas hədəflərinə nail olunması sahəsində mühüm addımların atılmasına imkan yarandığını vurğulayıb: “Son 13 ildə ölkə əhalisinin gəlirləri də 7,9 dəfə və cari ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 % artıb. Şəffaf və əlverişli biznes mühiti təkcə ötən il millli iqtisadiyyata 11 milyard 700 milyon dollar sərmayə qoyuluşuna imkan verib. Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə 37-ci yerdə olan Azərbaycan həmçinin BMT-nin İnkişaf  Proqramının həyat səviyyəsi, savadlılıq, təhsillilik, uzun və sağlam ömür meyarlarına əsaslanan “İnsan İnkişafı Hesabatı”nda insan inkişafı indeksinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq, yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır