Əmlak Məsələləri Dövlət Komitəsi İSO standartı üzrə 2 sahəyə aid beynəlxalq sertifikata layiq görülüb.
BBN.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, bunlar Keyfiyyət İdarəetmə Sistemi (9001) və Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemidir (27001). Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən ictimai xidmətlərin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsi, eləcə də xidmətlərə olan əlçatanlığın artırılması amili bu sertifikatın əldə olunmasının başlıca səbəblərindəndir. Həmçinin Komitə tərəfindən xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün sosial sorğu layihələrinin reallaşdırılması belə beynəlxalq sertifikatın əldə edilməsinə imkan verib.
Keyfiyyət İdarəetmə Sistemi vətəndaş yönümlü, idarəetməyə sistemli yanaşma, təşkilat daxilində hər kəsin iştirakı, daimi təkmilləşdirmə, faktlara əsaslanan qərarların qəbul edilməsi kimi prinsiplərə əsaslanır. Bu isə o deməkdir ki, fəaliyyətin məhz həmin prinsiplərə uyğun qurulması komitənin işinin keyfiyyət əmsalının ölçülməsini təmin edəcək və keyfiyyətin daim yüksəldilməsinə zəmin yaradacaq.
Qeyd edək ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı olan İSO 1947-ci ildə yaradılıb. İsveçrədə yerləşən bu beynəlxalq təşkilat indiyə qədər idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19 min 500-dən çox beynəlxalq standart müəyyənləşdirmişdir. ISO 9001 isə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyətli idarəetmə standartıdır.