İşsizlikdən Sığorta Fondunun büdcə layihəsi hazırlanıb

“İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb. Hazırda həmin fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümov bildirib ki, sözügedən qanunun praktiki işləmə mexanizmi üçün həmin fərmanla 6 müxtəlif qaydanın hazırlanaraq təsdiq edilməsi ilə bağlı tapşırıqlar verilib. Həmçinin, 3 qanuna “Sosial sığorta haqqında”, “İnzibati icraat haqqında” və  “Məşğulluq Haqqında” qanunlara müvafiq dəyişikliklər olunmalıdır.

Qeyd edək ki, nazirlik İşsizlikdən Sığorta Fondunun büdcə layihəsini də tərtibi prosesini yekunlaşdırıb. Nazirin sözlərinə görə, həmin layihədə ilkin hesablamalara görə 2018-ci il ərzində təqribən 89 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur. Bu vəsaitdən 36 milyon manata yaxın vəsaitin, yəni hazırda istifadə olunan vəsaitdən 6 dəfə çox məbləğin özünüməşğulluq proqramlarının, aktiv məşğulluq proqramlarının icrasına yönəldilməsi nəzərdə tutulur.

Mənbə: apa.az

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır