İstehsalçılara illik 3%-lə güzəştli kreditlər verilib

“Azərbaycan Sənaye Bankı” ASC İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kreditləri şəkər çuğundurunun əkilməsi məqsədilə illik faiz dərəcəsi 3%-dən artıq olmamaqla verilməsinə vasitəçilik edəcək.

BBN.az xəbər verir ki, Martın 15-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC və “Azərbaycan Sənaye Bankı” ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Niyyət Protokoluna əsasən, , “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC güzəştli kreditlərin əkinçilik mövsümü ərzində şəkər çuğunduru istehsalçısı olan fermerlərə verilməsini və əldə olunmuş xammalın tədarükünü təmin edəcək.

Bununla bağlı İmişlidə keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevbildirib ki, şəkər çuğundurunun istehsalına ayrılan dövlətin güzəştli kreditləri İmişlidə yerləşən emal müəssisəsinin yerli xammalla təminatını artıracaq, bu sahədə idxaldan asılılığın azalmasına imkan verəcək.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azərbaycan Sənaye Bankı” ASC vasitəsilə şəkər çuğunduru istehsalına illik 3% olmaqla 7 milyon manat güzəştli kredit verilib. Bu, 1472 fermer tərəfindən 7 min hektar sahədə şəkər çuğundurunun əkilməsinə imkan verir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu şəkər çuğunduru istehsalı layhələrinin aşağı faizlə maliyyələşdirilməsini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır