Azərbaycanın ən populyar qiymətli kağızları sayılan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi tarixi açıqlanıb. «SOCAR Capital» şirkətinin məlumatına görə, istiqrazlar üzrə növbəti faizlər iyulun 17-də ödəniləcək. Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcəklər. Ümumilikdə istiqraz sahiblərinə 1 milyon 250 min dollar ödəniləcək.
Qeyd edək ki, bu, SOCAR İstiqrazları üzrə sayca 3-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvarın və aprelin 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 2,5 milyon dollar qazanıblar. Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. Bu hesabla istiqraz sahibləri ildə 5 milyon dollar qazanırlar. Faizlər hər 3 aydan bir ödənilir. İstiqrazlar dollarla satıldığına görə, onlar üzrə bütün faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.