Yay və onunla birlikdə istirahət sezonu da bitdi. Artıq çoxumuz üçün məzuniyyətsiz iş dövrünə start verilir. Tələbələr və şagirdlər üçün də aktiv təhsil həyatına başlamaq o qədər də uzaq deyil. Bəs istirahətdən sonra işə və ya təhsilə yenidən necə uyğunlaşmaq olar?
BBN.az olaraq bəzi addımlar təklif edirik. Bu addımların tətbiqi ilə adaptasiya dövrü daha rahat və qısa olacaqdır:
- Günə düzgün başlayın: Yuxunuzu alın və yaxşı səhər yeməyi yeyin.
İstirahətdən sonra uyğunlaşma prosesinin daha rahat olmas üçün gecə yuxunuzu tam almağa çalışın. Düzgün atılan addımlar və tələskənlik hissinin ilk gündən başlamaması sabahkı günün stresini azaldacaq.
- Səhər tezdən durun və işdə (və ya universitetdə) bir az tək vaxt keçirin.
Çalışın ilk günlər işə və ya universitetə lazımi vaxtdan bir az tez gedib, şəraitlə yenidən tanış olasınız. İş yoldaşları, menecerlər və ya sinif və qrup yoldaşları “yağışı”na tutulmamış bunu etmək adaptasiyanı daha da asanlaşdırır.
- İlk günü və ya həftəni planlaşdırın
Əgər günə başlamazdan əvvəl bir az vaxtınız varsa, edəcəyin işləri planlaşdırın və prioritetləri müəyyənləşdirin. Ən vacib işləri seçin və öz siyahınıza əlavə edin. Bununla bərabər nisbətən daha az lazımlı olan işləri həftənin digər günlərinə yaymağa çalışın. Tələbələr üçün isə təhsil planı formalaşdırmaq məqsədə uyğundur.
- Asan işlərdən başlayın
İlk başdan çətin tapşırıqları götürmək sizi ruhdan sala bilər. Çalışın əvvəlki addımda sıraladığınız vacib işlərin ən asanından başlayasınız. Tələbələr üçün isə ilk görüləsi iş dərs cədvəli ilə tanışlıq, lazımi kitabların olub-olmadığını yoxlamaq və çatışmayanları əldə etməkdir.
- E-mailləri vacibliyinə görə sıralamaq
Siz istirahətdə olan zaman gələn elektron poçtların sayı ürküdücü ola bilər. Bu mailləri oxumazdan əvvəl ünvanlayan şəxslərə və məktubun mövzusuna görə, vacib olaraq işarələmək və xronoloji olaraq oxumağa başlamaq ən yaxşı çıxış yoludur. Qalanlarına isə boş bir vaxtda nəzər yetirmək daha məqsədə uyğun olar. Əksinə bu məktubları silmək, asan çıxış yolu kimi görünsə də, bəzi problemlərə səbəb ola bilər.
- İlk gün tez çıxın
Əksər tədris ocaqlarında ilk dərs günü yeni dərslər və müəllimlərlə tanışlıq günü kimi olur və adətən bu gün tez bitir. Bu da tələbələr üçün ilk günü o qədər də çətin etmir. İşdə də bu taktikadan istifadə kömək edə bilər. Əgər iş şərtləri imkan verirsə, ilk gün işdən tez çıxmağa və ya nahar fasiləsini uzatmağa çalışın.
Bu 6 addım Sizə uzun istirahətdən sonra işə və təhsil həyatına uyğunlaşmağa və bu prosesin stressiz olmasına kömək edəcək.