“İxrac İcmalı”nın 2018-ci ilin sentyabr sayı təqdim olunub-İNFOQRAFİKA

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin sentyabr sayı təqdim olunub.

İcmalın bu sayında  göstərilir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,9 milyard ABŞ dolları təşkil edib. Bu müddətdə Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixrac isə 1 milyard 94 milyon ABŞ dolları olub. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 131 milyon ABŞ dolları və ya 14 faiz  artıb. Cari ilin yanvar-avqust ayları ərzində Rusiyaya 375 milyon, Türkiyəyə 249,8  milyon, İsveçrəyə 92 milyon,  Gürcüstana 88,5  milyon və Çinə 32  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 144,4 milyon ABŞ dolları ixrac dəyəri ilə liderliyini qoruyub. Bu siyahıda qızıl (81 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (63 milyon ABŞ dolları) üçüncü olub.

Cari ilin avqust ayında isə qeyri-neft sektoru üzrə ixrac 125 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin avqust ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında  ilk beşlikdə Türkiyə (34,5 milyon ABŞ dolları), Rusiya (22  milyon ABŞ dolları), İsveçrə (13,9 milyon ABŞ dolları), İrlandiya (10  milyon ABŞ dolları) və  Gürcüstan (7,2  milyon ABŞ dolları) qərarlaşmışdırlar.

2018-ci ilin avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (12,6 milyon ABŞ dolları) birinci, pambıq lifi (12,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,4 milyon ABŞ dolları) isə üçüncü olub.

Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 1976,9 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 888 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 184 milyon AZN və ya 26 faiz artıb.

2018-ci ilin avqust ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 141 milyon manat təşkil edib və ötən ilin avqust ayı ilə müqayisədə 39 faiz artıb.

“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-avqust ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin avqust ayı ərzində Azexport.az portalına 51,5 milyonABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin yanvar-avqust aylarında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 367 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 19 faiz artıb.        Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 avqust tarixinə kimi (20 ay ərzində) Azexport.az portalına dünyanın 103 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 842 milyon ABŞ dolları təşkil edib.

“İxrac İcmalı”nın sentyabr sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin sentyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatların verilməsi davam edib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 11.2 milyon ABŞ dollarından çox olub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizinin sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

Həmçinin “İxrac İcmalı”nın sentyabr sayında Azərbaycan məhsullarının “Worldfood Moscow 2018” sərgisində nümayiş olunması və s. məsələlər barədə də məlumatlar verilib.

“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır