İxrac missiyasının Ciddəyə səfəri başa çatıb

Meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsil olunduğu ixrac missiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri başa çatıb.

İxrac missiyası çərçivəsində iş adamları bir sıra ikitərəfli görüşlərdə iştirak edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələlərini müzakirə ediblər.

Səfərin sonuncu günü Ciddə Ticarət və Sənaye Palatasında görüş keçirilib. Görüşdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanın biznes mühiti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri, ixrac missiyamızda təmsil olunan şirkətlərin fəaliyyəti barədə məlumat verib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət nümayəndəsi Elnur Əliyev isə Azərbaycan və Körfəz ölkələri arasına ticarət əlaqələri və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır