İyulun ilk hərracına hansı dövlət əmlakları çıxarılıb?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 3-də ayın ilk hərracı keçiriləcək.

BBN.az xəbər verir ki, hərraca 105 dövlət əmlakı çıxarılacaq. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla bərabər  Ağcabədi, Astara, Yevlax, Zaqatala, Ucar, Tovuz və digər rayonlarda yerləşir. Bunlar isə əsasən sənaye, nəqliyyat, təmir,   qida və digər sahələrə aiddir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı isə  53 min manat ilə  1 milyon manat arasında dəyişir. Bu kateqoriyada ən yüksək ilkin qiymət təyin olunan dövlət əmlakı “Mingəçevir Qum Çınqıl”-dır.  Bundan başqa “Yevlax Tikinti Quraşdırma”, “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Şıxlar Broyler”, “Xosrov Metal Plastmas” kimi səhmdar cəmiyyətləri də iri investisiya yatırmaq üçün uğurlu seçim ola bilər.

Kiçik dövlət müəssisə və obyektləri də müxtəlif biznes sahələrdə ixtisaslaşmağa imkan verir. Hərraca çıxarılan qeyri-yaşayış sahələri Bakının müxtəlif rayonlarında yerləşir. Həmin əmlakların ümumi faydalı sahəsi 11.2 kv.m ilə 446.8 kv.m arasında dəyişir. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Səbail rayonunda yerləşən dövlət əmlakını nümunə kimi göstərmək olar.

Qeyd edək ki, Komitə tərəfindən növbəti hərrac isə 5 iyun tarixində keçiriləcək. Bu hərraca isə 190 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyətləri, 98-i kiçik dövlət müəssisə və obyekti, 69-u istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır