16 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

 

Müşavirədə bildirilib ki, “özəlləşdirmə portalı” investorlar üçün özəlləşdirməyə çıxarılan əmlaklar və müəssisələr barədə informasiya açıqlığını geniş şəkildə təmin edir. “Özəlləşdirmə portalı”-na cari il ərzində 800 minə yaxın baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 1,5 milyondan çoxdur.

Özəlləşdirmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə ABŞ, Fransa, Rusiya, Ukrayna, Çin, Türkiyə, İngiltərə, Hindistan, İran, Küveyt və BƏƏ-dən olan potensial investorlarla görüşlər keçirilmiş, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında məlumatlar verilmişdir. Yerli sahibkarların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə işgüzar forumlar keçirilir.

Komitə İSO standartı üzrə 2 sahəyə aid beynəlxalq sertifikata layiq görülüb. Bunlar Keyfiyyət İdarəetmə Sistemi (9001) və Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemidir (27001). Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən ictimai xidmətlərin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsi, eləcədə xidmətlərə olan əlçatanlığın artırılması amili bu sertifikatın əldə olunmasının başlıca səbəblərindəndir.

Əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, xidmətlərdən real vaxt rejimində yararlanması məqsədilə Komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini təkmilləşdirir. Komitə tərəfindən 37 elektron xidmət, 3 SMS və 2 onlayn xidmət vətəndaşların istifadəsindədir. 2018-ci ilin ilk 3 ayında elektron və onlayn xidmətlər vasitəsilə 19 mindən çox müraciət daxil olmuş və cavablandırılıb.

2018-ci ilin ilk rübündə 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilmiş və sahələr üzrə təhlillər aparılmışdır. Dövlət mülkiyyətində olan, özəlləşdirilməsi nəzərdə tutulmuş qeyri-profil müəssisə və obyektlərin inventarlaşdırılmasının və qiymətləndirilməsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilmişdir. Cari ilin ilk üç ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 52 hərrac keçirilmişdir. Bu dövrdə 377 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir. Hesabat dövründə “Sumqayıt Superfosfat” və “Muğansutikinti” ASC-lərin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan olunmuş, hər iki müəssisə üzrə müsabiqələr baş tutmuşdur. Ümumilikdə müəssisələrə 65 milyon manat məbləğində investisiya qoyuluşu planlaşdırılır. İnvestisiya müsabiqələri vasitəsilə bu günədək özəlləşdirilmiş müəssisələr üzrə dövlət büdcəsinə 67 milyon manat vəsaitin daxil olması təmin edilmiş, 1,1 milyard ABŞ dolları həcmində investisiya qoyuluşları həyata keçirilmiş, 17 min 257 yeni iş yeri yaradılmışdır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 10 müəssisə haqqında bütün məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilib.

Ümumilikdə 16 rayonda torpaqların kadastr uçotuna alınması işləri yekunlaşıb.

2018-ci ilin ilk rübündə ölkə üzrə 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % çox olub. Aparılan ilkin qeydiyyat isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % artıb. Cari ilin yanvar-mart aylarında 45 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib. Bu il də “Kütləvi çıxarış” kampaniyası davam edib. Müxtəlif şəhər və rayonlarda 10-a yaxın “Kütləvi çıxarış” kampaniyası baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə cari il ərzində vətəndaşlardan 19 minə yaxın müraciət qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır