Cari ilin 9 ayı ərzində Bakı Fond Birjasında (BFB) və birjadankənar bazarda keçirilən əməliyyatların ümumi həcmi 11,877 milyard manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,926 milyard manat və ya 33% çoxdur.
Bu dövr ərzində qiymətli kağızların ilkin bazarı 6,4 dəfə artaraq 8,169 milyard manat təşkil edib. Ümumilikdə korporativ qiymətli kağızlar bazarı 2,6 dəfə, dövlət qiymətli kağızlar bazarı isə 19,2 dəfə artmışdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarında bağlanmış əqdlərin ümumi həcmi 8,287 milyard manat olmuşdur. Dövr ərzində səhm bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə, korporativ istiqrazlar bazarı isə 2,9 dəfə artmışdır, o cümlədən manatla yerləşdirilmiş korporativ istiqrazların həcmi 6,7 dəfə, xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi isə 3,2 dəfə artaraq müvafiq olaraq 7,501 milyard manat və 22 milyon manat təşkil etmişdir.
Cari ilin 9 ayı ərzində BFB-də dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 27 hərrac keçirilmişdir. Bundan əlavə, 21 sentyabr tarixində 2016-cı il üzrə ilk dəfə olaraq qeyri-bank olan hüquqi şəxslər arasında repo əqdi bağlanılmışdır.
Kapital bazarları üzrə 2016-cı ilin yanvar-sentyabr ayları ərzində birja və birjadankənar bazarda keçirilən əməliyyatların ümumi həcmi üzrə ətraflı məlumatlar qiymətli kağızlar bazarına dair yanvar-sentyabr ayları üzrə hesabatda (əlavə olunur) öz əksini tapmışdır.