Azərbaycan Respublikası Mərkəzi Bankında cari ilin 12 aprel tarixində rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə bütün ölkə əhalisini əhatə edən “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajı oynanılıb.
Tirajın keçirildiyi dövrdə Azərbaycan Republikası ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək hər bir əməliyyata bir şans qazanıblar.
Tiraj müvafiq Tiraj Komissiyasının nəzarəti altında oynanılıb. Tirajda lotereya şərtlərinə uyğun olaraq mart ayı ərzində ümumilikdə 317 878 ödəniş kartı ilə aparılmış 1 296 667 əməliyyat iştirak edib. Lotereyanın dövrü ərzində mart ayında nağdsız ödəniş edən şəxslərin (ödəniş kartlarının) sayı fevral ayı ilə müqayisədə 15.8%, əməliyyatların sayı isə 21.2% artıb.
Lotereyanın uduş fondu ikinci tiraj üzrə 600 qalibin hər birinə 50 (əlli) manat təşkil edib. Uduş barədə kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması qısa zamanda həyata keçiriləcək.
Qaliblərin siyahısı ilə Mərkəzi Bankın internet saytında tanış olmaq olar: https://www.cbar.az/page-133/stimullasdirici-lotereya