Kataloniya referendumunun arxasındakı iqtisadi həqiqətlər

Referendum ilə gündəmə gələn Kataloniya bölgəsi son illərdə İspaniya üçün yaxşı iqtisadi performans göstərir. İşsizlik nisbətinin aşağı olduğu bu bölgə xarici investisiyalar üçün mərkəz rolunu oynayır.

İspaniyanın Kataloniya bölgəsindəki iqtisadi vəziyyət digər bölgələrlə nisbətdə çox yaxşıdır. İspaniyanın ümumi məhsul istehsalına da mühüm töhfə olan bu bölgə işsizlik nisbəti, xarici investor, sosial-iqtisadi profil, sənaye və təhsil baxımından güclü mövqe nümayiş etdirir.

Bir çox Avropa ölkəsindən daha yaxşı

Kataloniya bölgəsinin ümumi daxili məhsul istehsalı ötən il 212 milyard avroya çatıb. Bölgə bu istehsal həcmi ilə bir çox Avrozona ölkəsindən daha üst mövqedədir. Finlandiya və Portuqaliya kimi ölkələrlə isə eyni səviyyədədir.

Bölgənin istehsal etdiyi ümumi daxili məhsul İspaniyanın ümumi daxili məhsul istehsalının 19%-ni təşkil edir. Kataloniyada adam başına düşən milli gəlir İspaniyadakından daha çoxdur.

Xarici investor üçün mərkəz

Kataloniyada sənayenin milli gəlirə töhfəsi 21%, İspaniyada isə 17%-dir. Təxminən 609 min şirkətlə Kataloniya, ümumi şirkət sayının 19%-ni əhatə edir. Bölgə xarici investorlar üçün də cəlbedici bir mərkəzdir. 2003-cü ildən bu yana əksəriyyəti Qərbi Avropalı olan 1 000-dən çox xarici şirkət bölgəyə sərmayə qoyub. Ümumilikdə gələn xərici sərmayə isə 43 milyard dollara çatıb. Başqa sözlə desək, eyni dövrdə İspaniyaya gələn ümumi xarici investisiyanın 1/4-dən çoxu Kataloniyanın payına düşüb.

Kataloniyaya sərmayə qoyan xarici şirkətlər əsasən, avtomobil, nəqliyyat, kimya və dərman sahələrində sərmayə qoyublar. Sadəcə xarici investisiyalar sayəsində bölgədə təxminən 26 min yeni iş imkanı olub.

Təhsil

Bölgənin başqa uğuru təhsil sahəsindədir. Şagirdlərin riyaziyyat performansını göstərən PISA hesabı 499.8-dir. İspaniyada isə bu rəqəm 485.8 səviyyəsindədir.

Digər tərəfdən Kataloniya işsizlik ortalaması baxımından da İspaniyadan daha yaxşıdır. Gənclərin işsizlik nisbəti 34.3%-dir. İspaniyada bu rəqəm 44.4% səviyyəsindədir. Ümumi işsizlik səviyyəsinə nəzər salsaq, burada da ciddi fərqi görmək mümkündür. Belə ki, Kataloniyada ümumi işsizlik 13.2%, İspaniyada isə 17.2%-dir.

Zəif tərəflər

Baxmayaraq ki, Kataloniya bir çox iqtisadi göstəricisinə görə, regionda daha yaxşıdır, amma onun zəif cəhətləri də var. Regional hökumətin borcunun ÜDM-a nisbəti 2009-cu ildən bu yana 35%- keçib. İspaniyada isə sadəcə 24.8%-dir.

 

Mənbə: Haberturk.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır