Prezident İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”nin yaradılması haqqında fərman verib.
Agentliyin yaradılmasının məqsədi ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOS subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir.
Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.