Klirinq-hesablaşma sistemlərinin öyrənilməsinə başlanılıb

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 4 faizinin icrası tamamlanıb, 50 faizinin icrası üzrə işlərə başlanılıb.

Belə ki, bank sektorunun hərtərəfli diaqnostikası aparılıb, kapital çatışmazlığı olan bir sıra bankların restrukturizasiyasına dair tədbirlər planları hazırlanıb. Qiymətli kağızlar bazarında listinqi məhdudlaşdıran amillərin təhlili aparılıb, sahiblik düşüncə tərzinin dəyişdirilməsi istiqamətində layihə həyata keçirilib. Fərdi və institusional investorlara stimulların müəyyən edilməsi, məlumatların açıqlanması və şəffaflığın təmin edilməsi üzrə beynəlxalq təcrübə öyrənilib.

Eyni zamanda, xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması məqsədilə beynəlxalq depozitar institutları olan “Euroclear” və “Clearstream” tərəfindən aparılan klirinq-hesablaşma sistemlərinin öyrənilməsinə, həmin təşkilatların MDM-ə üzv olması üzrə müzakirələrə başlanılıb. Banklararası bazarın inkişafını məhdudlaşdıran amillər beynəlxalq təcrübə əsasında təhlil edilib, sorğular vasitəsilə bank sektoru nümayəndələrinin banklararası bazar barədə fikirləri öyrənilib.

Monetar islahatlar proqramının layihəsi çərçivəsində banklararası bazarın aktivliyinin artırılması istiqamətində tədbirlər nəzərdə tutulub. Palatanın əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tədbirlər təşkil edilib, onların xarici tədbirlərdə iştirakı təmin edilib.

Həmçinin, Palatanın nəzarət subyektlərinin əməkdaşlarının peşəkar bilik və bacarıqlarının artırılması məqsədi ilə Palatanın əməkdaşları tərəfindən mənimsənilmiş beynəlxalq bilik və təcrübənin nəzarət subyektləri əməkdaşlarına təlimlər vasitəsilə ötürülməsi istiqamətində işlər görülüb.

Maliyyə xidmətləri QRAFİK

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır