İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri təşkil olunub.
Sahibkarların maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə həsr olunmuş onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb.
Onlayn tədbir zamanı sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə göstərilən xidmətlər, dövlətin güzəştli kreditləri, maliyyə və bank sahəsindəki yeniliklər barədə təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilib. Onlayn tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri ekspert qismində iştirak ediblər.