“Kommersiya Tipli Dəmir Yollarında Təhlükəsizlik” mövzusunda təlim keçirilir

Oktyabrın 30-da Bakıda “Holiday İnn” oteldə Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin “İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi” proqramı çərçivəsində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin əməkdaşları üçün “Kommersiya Tipli Dəmir Yollarında Təhlükəsizlik” mövzusunda təlim başlayıb.

Tədbirin açılış mərasimində çıxış edən ABŞ-ın ölkəmizdəki diplomatik missiyasının rəhbəri Robert Sekuta bu təlimin Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, qeyri-qanuni yüklərin aşkar edilməsi sahəsində Azərbaycan və Gürcüstan gömrükçülərinin bilik və bacarıqlarının artırılmasında önəmli rol oynayacağını vurğulayıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Bakı-Tbilisi-Qars layihəsinin reallaşması ilə birlikdə dəmiryol nəqliyyatı vasitəsilə yükdaşımaların miqdarının artacağını və bu sahədə təhlükəsizliyin təmin edilməsi baxımından təlimdə əldə edilən bilik və bacarıqların mühüm rol oynayacağını bildirib.

Qeyd edək ki, 5 gün davam edəcək təlimdə Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin hər birinin 12 əməkdaşı iştirak edəcək. Təlim çərçivəsində amerikalı mütəxəssislər tərəfindən işlək sərnişin dəmiryol stansiyaları, sərnişin və yük vaqonlarında gizlətmələr, vaqonlarda axtarışıların həyata keçirilməsi və digər mövzularda iştirakçılara ətraflı məlumat veriləcək, praktiki məşğələlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır