Fevralın 27-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotiklər və Cinayətkarlıqüzrə İdarəsi və ÜGT-nin “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ının koordinatorlarının illik iclası başlayıb.
BBN.az xəbər verir ki, iclasın açılış mərasimində “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln 50-dən çox ölkəni əhatə edən layihənin əsas məqsədinin konteyner daşımalarına nəzarətin səmərəliliyinin artırılması olduğunu bildirib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyindən məmnunluq duyduqlarını ifadə edən ÜGT təmsilçisi bu görüşün gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm imkanlar yaratdığını vurğulayıb.
İclasda “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın regional ofislərinin 10-dan çox nümayəndəsi iştirak edir. İclas çərçivəsində regional ofislərin koordinatorlarının təqdimatları nümayiş olunacaq, kommunikasiya, sosial media, müsadirədən sonrakı proseslər, statistik məlumatların mübadiləsi, vahid terminologiyadan istifadə, texniki avadanlıqlarla təchizat və digər məsələlər barədə müzakirələr aparılacaq, ÜGT-nin və BMT-nin ekspertləri məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, iclas martın 1-də başa çatacaq.