Kredit ödənişinin gecikməsi haqqında məlumat sistemdə neçə il qalır?

Məlumdur ki, kredit ödənişi zamanı gecikmə baş verərsə, bu növbəti kredit müraciətinin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edir. Belə ki, kredit təşkilatları borcalanın risk dərəcəsini bu tip məlumatlar əsasında qiymətləndirirlər.

Kredit təşkilatları gecikmə və müştərinin əvvəlki borc öhdəlikləri haqqında olan ümumi məlumatları Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) əldə edirlər.

Bəs borcalanın gecikməsi haqqında olan məlumatlar sistemdə hansı müddətdə saxlanılır?

İlk növbədə nəzərinizə çatdıraq ki, borcalan haqqında ümumi məlumat MKR-də 7 il ərzində saxlanılır.

Borcun qaytarılması zamanı gecikmələrlə əlaqədar məlumatların saxlanma müddəti isə müəyyən şərtlərə uyğun olaraq dəyişir.

  • Borcunuzu tam qaytarmağınıza baxmayaraq, müqavilə müddətində gecikməniz olubsa: məsələn, 12 aylıq kredit müqaviləsi ərzində 4-cü ayın ödənişini gecikdirmisiniz, lakin növbəti dəfə iki ayın ödənişini bir edərək, gecikməni aradan qaldırmısınızsa, bu məlumat da sizin tarixçənizə əlavə edilir və 2 il müddətində sistemdə saxlanılır.
  • Müqavilə müddəti bitdikdən sonrakı dövrdə borcunuzu bağlayırsınızsa: məsələn, 12 aylıq kredit dövrü bitdi, lakin siz borcunuzu 15-ci ayda tam bağladınızsa, bu məlumat MKR-də 7 il müddətində saxlanılacaqdır.
  • Məlumatın silinməsi yalnız gecikmiş borc tam ödənildikdən 7 il sonra baş verir. Bu səbəbdən borc ödənməzsə, məlumat MKR-dən silinmir.

Qeyd edək ki, MKR 2005-ci ildən Mərkəzi Bankın nəzdində yaradılıb. Hazırda isə Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyində fəaliyyət gösrərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır