İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) eksperti Ayaz Çaparlı Azərbaycan Respublikasının “Kredit Zəmanət Fondu”nun yaradılması barədə fikir bildirib.
Belə ki, “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC sahibkarların kommersiya banklarından milli valyuta ilə aldıqları kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi çıxış edəcək: “Bu tədbir “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmış islahatlardan biridir.”
Ayaz Çaparlı hesab edir ki, “Kredit Zəmanət Fondu”nun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi və əks-dollarlaşmanın stimullaşdırılmasına nail olmaq üçün mühüm bir addımdır. “Fond maliyyə inklüzivliyinin artırılması, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, habelə sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətlərindən istifadənin yaxşılaşdırılmasını təmin edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına, ev təsərrüfatlarının istehlak imkanlarının genişlənməsinə və gəlir bərabərsizliyinin aradan qaldırılmasına əlavə dəstək verə bilər.”
İİTKM-nin analitiki bildirib ki, bununla da, maraqlı tərəflərin iştirakı təmin edilir və “Kredit Zəmanət Fondu”nun fəaliyyətinin açıqlıq, hesabatlılıq və şəffaflıq prinsiplərinin üstündə qurulması təmin olunur.
Qeyd edək ki, Fərmana əsasən Fondun İdarə Heyətinin sədrinin və sədr müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçiriləcək.