Daha bir yaşayış kompleksində Kütləvi çıxarış kampaniyası aparılıb

Martın 30-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən çoxmərtəbəli binalarda Kütləvi çıxarış kampaniyası Bakı şəhərində tikilən daha bir yeni yaşayış kompleksində davam etdirilib.

BBN.az xəbər verir ki, Yasamal rayonunda yerləşən 17 mərtəbəli 1 girişli yaşayış kompleksinin sakinləri Kütləvi çıxarış kampaniyasından yararlanıblar.

Kampaniya çərçivəsində 170-ə yaxın sakin birbaşa yaşadıqları ünvanda əmlaklarına dair çıxarış əldə ediblər. Bu isə binadakı bütün mənzillərin sənədləşməsi deməkdir. Kampaniya vətəndaşların gündəlik məşğulluq prosesinin pozulmadan, operativ olaraq qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasına və vətəndaş məmnunluğuna səbəb olur.

Kampaniyanın daha da intensivləşməsində məqsəd vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq onların mülkiyyət hüquqlarını daha cəld və maksimum rahat təmin etməkdir.

Qeyd edilməlidir ki, ümumilikdə Bakı şəhərinin müxtəlif rayonlarında, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin mənzil sahibləri üçün 30-a yaxın belə çıxarış kampaniyaları keçirilib. Yeni inşa edilmiş yaşayış kompleksləri də daxil olmaqla ötən il ərzində 15 minə yaxın mənzillərin qeydiyyatı aparılıb. Bu isə 2016-cı illə müqayisədə 37%-ə yaxın artım deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır