Bu il ƏMDK tərəfindən ümumilikdə 13 “Kütləvi çıxarış” kampaniyası reallaşıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti “Kütləvi çıxarış” kampaniyası iyulun 6-sı Bakı şəhərinin Sabunçu rayonunda yeni tikilmiş 3 girişli 13 mərtəbəli çoxmərtəbəli binada reallaşıb.

BBN.az xəbər verir ki, bina sakinlərinin rahatlığı nəzərə alınaraq isti hava şəraitində mənzillərə dair çıxarışlar ünvanlarda təqdim olunub. Sakinlər gündəlik işgüzar və məişət fəaliyyətlərindən kənarlaşmadan qeydiyyat xidmətlərindən yararlanıblar. Belə ki, keçirilən layihə çərçivəsində 100-ə yaxın vətəndaşa mobil ofislərdə komitə əməkdaşları tərəfindən çıxarışlar təqdim olunub. 50-yə yaxın sakin mənzilə dair çıxarış əldə etmək məqsədilə ilkin mülkiyyət sənədlərini mobil ofislərə təqdim edib çıxarışların hazır olacağı tarix barədə məlumatlandırılıb.

Bildiyimiz kimi artıq çıxarışların 1 iş günü müddətində verilməsi mümkündür ki, bu da əhalinin daha sürətli şəkildə əmlaklarına dair iqtisadi əməliyyatlar aparmasına şərait yaradıb. Çıxarışların elektron müstəviyə keçirilməsi, qeydiyyat prosedurlarının onlayn rejimdə reallaşması əlçatanlığı artırıb.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ümumilikdə 13 “Kütləvi çıxarış” kampaniyası reallaşıb. Paytaxtın müxtəlif rayonları ilə bərabər, Ağcabədi, Qazax, Balakən, Astara, Ağdam və digər  bölgələrdə yaşayan əhali evlərini, iş yerlərini, əkin sahələrini tərk etmədən operativ qeydiyyat  xidmətlərindən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır