Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyaları ilə qeydiyyat xidmətlərini və hazır çıxarışların təqdim olunmasını vətəndaşlara daha yaxın edir. Yaradılan rahat şərait ilə kənd və qəsəbələrdə yaşayan əhaliyə məşğuliyyətdən ayrılmadan və ərazi idarəsinə getmədən ünvanlarındaca xidmət göstərilir. Kampaniya işləyən insanları da nəzərə alaraq çıxarışları onların fəaliyyət göstərdiyi müəssisələrdə, zavodlarda təqdim edir.
BBN.az xəbər verir ki, səmərəli xidmət və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan növbəti “Kütləvi çıxarış” kampaniyası fevralın 7-də Cəlilabad rayonu, Göytəpə şəhərində keçirilib. Sosial kampaniya Göytəpə şəhəri ilə yanaşı, Maşlıq, Kazımabad, Komanlı və Bəcirəvan kəndlərini əhatə edib. Səyyar aksiya ilə sadalanan ərazilərdən olan 80-a yaxın sakinə dövlət reyestrindən hazır çıxarışlar təqdim olunub. Dövlət qeydiyyatına alınmış və çıxarışla təmin olunmuş daşınmaz əmlaklar əsasən, fərdi yaşayış evləri, pay torpaqları və həyətyanı torpaq sahələrinə aiddir.
Kampaniya çərçivəsində 50-ə yaxın sakin daşınmaz əmlakını qeydiyyata almaq üçün ilkin sənədlərini səyyar ofislərə təqdim edib. İlkin qeydiyyat üçün müraciət edən bəzi sakinlərin daşınmaz əmlakları üzrə çöl-ölçmə işləri də aparılıb. Mobil ofisə yaxınlaşan digər sakinlərə xidmətlər barədə məlumat verilib. Qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı, dövlət rüsumları və xidmət haqları, çıxarışların hansı müddətə verilməsi ilə bağlı vətəndaşların sualları cavablandırılıb.