Lənkəran iqtisadi rayonu üzrə sahibkarlara 119,1 milyon manat güzəştli kredit verilib

İyulun 13-də  İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunun Dəlləkoba kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar  forumu keçirib.

60-a yaxın sahibkarın iştirak etdiyi forumda Masallının iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, onlara Fond tərəfindən rayonunun iqtisadi potensialına uyğun olaraq hazırlanmış  investisiya layihələri və metodiki materiallar təqdim olunub.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 309 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, üzümçülük, əkinçilik, çayçılıq, istixana təsərrüfatlarının, çörək və mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək.

Ümumilikdə isə, Lənkəran iqtisadi rayonu üzrə 3100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,1 milyon manat güzəştli kredit verilib. Tədbirdə Masallı rayonunda güzəştli kredit ayrılan çayçılıq təsərrüfatına və mebel istehsalı müəssisəsinə baxış keçirilib.

Qeyd edək ki, indiyədək çayçılığın inkişafı ilə bağlı 14 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır