Təsəvvür edin ki, müsahibədə namizədə klassik “Özünüzü 5 ildən sonra nəçi görürsünüz?” sualına o, qəflətən belə cavab verir: “Bu sualın 5 illiyini qeyd edən yubilyar kimi”. Zarafat çox da gülməli deyil, amma özünü inamlı hiss etdiyinə görə həmin şəxsə haqq vermək lazımdır. Aydındır ki, həmsöhbətiniz ünsiyyətdə rahat və sərbəstdir. Böyük ehtimalla, o bu zarafatla özü haqda təsəvvürləri korlamadı.
Bu, iş şəraitində gülməli, gülməli olmayan, yaxud ədəbsiz zarafatlara insanların necə reaksiya göstərdiyini aşkarlamağa xidmət edən eksperimentlərin nəticələrindən yalnız biridir. Uorton Biznes Məktəbindən Bredford Bitterlinin rəhbərlik etdiyi alimlər qrupu yumor və status arasında əlaqələrlə bağlı araşdırmasında müxtəlif ssenarilərdən, o cümlədən müsahibələr və təqdimatlardan istifadə etdi.
Onların gəldiyi nəticələrdən bəziləri proqnozlaşdırılandır: gülməli lətifələr işçilərə gülməli olmayanlara nisbətən daha çox xal qazandırır, ədəbsiz lətifələr isə, onlardan sonra inamlı görünsə də, danışanın statusunu və mötəbərliyini aşağı salır.
Zarafat etmək cəhdləri ilə onların nəticələri arasında asimmetriklik var. Gülməli zarafat onu danışan şəxsin reputasiyasını xeyli yaxşılaşdırır, gülməli olmayan isə onu, demək olar ki, pisləşdirmir. Tədqiqadçılar bir sıra kontekstləri nəzərdən keçirdilər, dinləyicilər tərəfindən suala ciddi, yaxud uğursuz zarafat formasında cavab verməyin qəbul edilməsi arasında böyük fərq aşkarlamadılar. Buradan belə çıxır ki, ümumilikdə gülməli olmayan zarafatlar etməkdən qorxmaq lazım deyil, başlıcası bayağı zarafat etməməkdir.
Bu, xoş xəbərdir, çünki yumor həmişə subyektivdir, hətta ən yaxşı komiklər də tamaşaçının nəyə gülüb-gülmədiyini qiymətləndirməklə bağlı səhvlər edə bilərlər. “Yumor barədə elmi biliklər təəccüblü dərəcədə məhduddur, uğursuz zarafatın riskini qiymətləndirmək asan deyil: insanlar iş yerində bəzən bu baxımdan bağışlanmaz səhvlər edirlər, amma tapşırığın öhdəsindən gəlsəniz, çox şey qazanarsınız”-tədqiqadçılar bildirir.