20 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən “Lisenziyalar və icazələr” portalına dair təqdimat keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, lisenziya və icazə verən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, informasiya sistemləri portalına inteqrasiya edilən təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirin məqsədi lisenziyalar və icazələr portalının fəaliyyətə başlamasından sonra portalın sahibkarlar üçün yaradacağı imkanlar haqqında onların məlumatlandırılması, sahibkarların gələcəkdə portalın çoxsaylı xidmətlərindən istifadə etmək bacarıqlarının artırılması, portalın daha da təkmilləşdirilməsi üçün sahibkarların rəy və təkliflərinin öyrənilməsindən ibarətdir.
Sahibkarlar 2018-ci ildən istifadəyə veriləcək portala daxil olmaqla fəaliyyət növünə uyğun lisenziya və ya icazə almaq üçün elektron müraciət etməklə, lisenziyanı və ya icazəni elektron qaydada ala biləcək, lisenziya və icazə verən orqanlar isə lisenziyaların və icazələrin verilməsi barədə müraciətlərin qəbulunu, hazırlanmasını və cavablandırılmasını elektron qaydada həyata keçirə biləcəklər.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatları diqqətə çatdırıb. Bildirilib ki, reallaşdırılan islahatların tərkib hissəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib, indiyə kimi verilmiş qüvvədə olan müddətli lisenziyalar və yeni verilən lisenziyalar müddətsiz lisenziya ilə əvəz olunub, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan müddət azaldılıb, prosedurlar sadələşdirilib.